Qida Sistemləri Nədir?

Qida sistemləri yediyimiz hər bir məhsulun istehsalından utilizasiyasına (tullantı olaraq idarəsi) qədər keçdiyi bütün mərhələləri əhatə edir. Bu, sadəcə fermada baş verənlərdən ibarət deyil. Qida sistemi adətən sadə və ardıcıl proses olduğu düşünülür, amma əksinə, o çox mürəkkəbdir. Aşağıda qida sisteminin tərifi qeyd edilib:
Qida sistemi bütün qida prosesini əhatə edən, mürəkkəb və bir-biri ilə əlaqəli fəaliyyətlərdən, resurslardan və maraqlı tərəflərdən ibarət şəbəkədir. Onun addımları:
- istehsal – xammalın və ya qida məhsulunun istehsalı
- emal – hazırlanmış məhsulu satış üçün lazım olan məhsula çevirmə (misalçün, süd istehsal olunub, amma ondan pendir emal edilir)
- paketlənmə – məhsulun satışı üçün onu qablaşdırma
- paylanma – satış məntəqələrinə verilməsi
- marketinq – məhsulun doğru satılması (qiymətləndirmə, reklam və s.)
- istehlak – qısaca, yeyilməsi
- utilizasiya – vaxtı keçmiş, yararsız məhsulların tullantıya çevrilməsi
Qida sistemləri istehsal edilən qidanın keyfiyyətinə və kəmiyyətinə təsir göstərir.
Qida sistemləri iqlim, coğrafiya, iqtisadiyyat, mədəniyyət və siyasət kimi amillərdən asılı olaraq dəyişə bilər. Yəni, qida sistemləri dəyişkəndir. Misalçün, Asiyanın qida sistemi ilə Avropanınkı coğrafi və iqtisadi olaraq böyük şəkildə fərqlənir. Başqa bir misalla desək, Azərbaycanla Rusyanın qida sistemi də fərqlənə bilər və ya daha dərindən baxsaq ABŞ-da olan bir ştatın sisteminin başqa bir ştatdan fərqlənməsini də deyə bilərik.
Qida Sistemlərinin Növləri
Qida sistemlərinin 3 növü var: ənənəvi, qarışıq, müasir.
Ənənəvi Qida Sistemləri
Bu əsasən kənd bölgələri üçün olan bir sistemdir. Adətən məhsullar emal edildikdən sonra paylanılır və istehlak edilir. Bu sistemdə qida çeşidliliyi adətən az olur, yəni, toyuq, balıq, buğda, pomidor elə yetişdiyi kimi satılır. Paketlənmə və marketinq çox məhdud olur.
Qida adətən köşklərdən və ya kiçik mağazalardan əldə olunur. Qiymətlər isə daha əlverişli olur. Amma qidaya yoxlanışlar olmadığından qida təhlükəsizliyi daha zəif olur.
| Müsbət tərəflər | Mənfi tərəflər |
|---|---|
| Sərfəli qiymət | Az çeşidlilik |
| Təbiilik | Əlçatanlıq |
| Qida təhlükəsizliyi |
Qarışıq Qida Sistemləri
Bu sistemləri ənənəvi üsulların texnologiya ilə qarışımı kimi düşünə bilərsiz. Yəni, nə yalnız texnologiya, nə də yalnız insan əməyinə əsaslanır
Bu sistemlər adətən şəhər və şəhərətrafı yerlərdə tədbiq olunur. Mağazalara çıxış asandır, məhsullar daha çox çeşiddə təqdim olunur, paketləmə və marketinqdən geniş istifadə edilir. Qiymətlər isə adətən ənənəvi sistemlərdən daha yüksək olur.
Qida təhlükəsizliyi daha çox qorunur, çünki texnologiyalar vasitəsilə monitorinq etmək mümkün olur. Qida barədə məlumatlar əlçatan olur, məhsulun təxmini istifadə müddəti bilinir, məhsullar adlandırılır və yeni növ mağazalar açılır.
| Müsbət tərəflər | Mənfi tərəflər |
|---|---|
| Mağaza çoxluğu | Baha qiymət |
| Məhsul çeşidliliyi | Orta texnologiyalar |
| Qida təhlükəsizliyi | |
| Əlavə məlumat |
Müasir Qida Sistemləri
Bu sistemlərdə proseslərin böyük bir hissəsi texnologiya vasitəsilə həyata keçirilir. Yəni, sadəcə traktordan istifadə deyil, həmçinin, yeni texnologiyaların inkişafının bu proseslərə daxil edilməsidir.
Amma adətən bu səhv başa düşülür. Burada hər şey texnologiya ilə idarə olunmur. Sadəcə, texnologiyanın edə biləcəyi, təkrarlanan işlər üçün texniki avadanlıqlar hazırlanır. Misalçün, sahəyə su səpməyə bir insan göndərmək yerinə, yağış tərzində sulayan bir avadanlıq (rain irrigation system) qoşaraq bunu daha sərfəli və səmərəli etmək olar.
Ümumilikdə, bu sistemin əsas xüsusiyyətləri bunlardır. Qalan hər şey qarışıq sistemlərdə olduğu kimidir. Sadəcə texnologiyadan daha çox istifadə olunur.
| Aspekt | Ənənəvi | Qarışıq | Müasir |
|---|---|---|---|
| İstehsal | Kiçik sahibkar, yerli və mövsümi qidalar | Yerli kiçik və daha böyük fermer təsərrüfatları, daha çox mövsümi giriş imkanı | Geniş çeşid, qlobal istehsal, il boyu mövcudluq |
| Saxlanılma / paylanılma | Zəif yollar, məhdud saxlama, tullantılara səbəb olur | Təkmilləşdirilmiş infrastruktura, amma bərabərsiz giriş | Müasir yollar, soyuq saxlama, uzaq məsafəli daşımalar |
| Emal / paketlənmə | Əsas emal (qurudma, üyütmə), məhdud qablaşdırma | Emal edilmiş qablaşdırılmış məhsullar, daha uzun saxlama müddəti | Yüksək dərəcədə emal olunmuş, rahat, amma tez-tez sağlam olmayan |
| Pərakəndə satış | Qeyri-rəsmi köşklərə və açıq bazarlara əsaslanır | Rəsmi və qeyri-rəsmi mağazalar daxil olmaqla müxtəlif seçimlər, daha çox küçə yeməyi | Yüksək müxtəliflik, supermarketlər, fast food və yüksək səviyyəli restoranlar |
Nəticə
Bu bloqda qidanın qabımıza çatana qədər keçdiyi yolu araşdırdıq. Növbəti dəfə yemək yeyəndə bu perspektivdən düşünməyə çalışın :))
İstinadlar
- ADA Universiteti, Science for Agricultural & Food Systems II lesson I
