“Torpaq” və “Torpaq Eroziyası” nədir? – Torpaq haqqında hərşey

Bu bloqda Torpaq və onun Eroziyası haqqında öyrəndiklərimi paylaşmaq istəyirəm. Bir neçə gün əvvəl universitetdə “Smart Agriculture” (Ağıllı Kənd Təsərrüfatı) dərsimizdə bunlar haqqında maraqlı bir şəkildə xeyli öyrəndik.
Torpaq sadəcə “palçıq” deyil. O, hər ağacın, hər bitkinin və hər canlının əsas dayağıdır. Torpaq olmasa, nə su, nə ərzaq, nə də həyat olar. Amma biz onu hər il bir az da itiririk — səssizcə.
Torpaq əslində nədir?
“Torpaq mineral, üzvi maddə, hava, su və mikroorqanizmlərin qarışığı olan bir canlı bir sistemdir.”
Bu cümlədə hər bir sözün öz mənası var. Mineral və üzvi maddələr torpağın təbəqələrindən gəlir, hava torpaqda yaşayan orqanizmlərə oksigen verir, su bitkilərin böyüməsini təmin edir, mikroorqanizmlər isə qida maddələrini daim yeniləyir.

Şəkildə torpağın təbəqələri qeyd olunub. Organic (üzvi qat), surface (üst torpaq), subsoil (alt torpaq), substratum (qırılmış çuxurlar) və bedrock (ana süxur).
Torpağın funksiyaları nələrdir?
Torpağın bir çox funksiyası var. Onlardan bəziləri:

- Bitki böyüməsi üçün əsas mühit — kök salmaq, qidalanmaq və möhkəmlənmək üçün (medium for plant growth.)
- Su filtrasiyası və anbarı — yağış suyunu saxlayır və təmizləyir. (system for water supply…)
- Qidaların yenilənməsini təmin etmək – tullantıları gübrəyə çevirir (recycling system for…)
- Canlılar üçün yaşayış yeri — milyarlarla bakteriya, göbələk və qurd burada yaşayır (habitat…)
- Tikinti bazası – evlərimizi, yollarımızı və fermalarımız onun üzərindədir (engineering…)
- Serves as an engineering base — supporting our homes, roads, and farms.
Bəs, Torpaq Eroziyası nədir?
Torpaq eroziyası, torpağın ən üst iki qatının — yəni üzvi qat və üst torpağın — dağılması nəticəsində yaranan prosesdir. Üst torpaq təbəqəsinin bərpası üçün yüz illər tələb olunur, amma onu bir güclü yağış, fırtına və ya yanlış əkinçilik üsulu ilə itirmək çox asandır.
Torpaq Eroziya səbəbləri
Torpaq eroziyaya gətirən 2 yol var: insanlar və təbiət.

Əvvəlcə təbii səbəblərə diqqət yetirək.
Güclü yağışlar — torpağı yuyub çaylara aparır.
Külək — quru və yüngül torpaq hissəciklərini daşıyır.
Torpağın dayanıqsızlığı — qumlu torpaqlar gil torpaqlardan daha tez eroziyaya uğrayır.
Təbii səbəblər elə də çox deyil. Həmçinin bu səbəblərin qarşısını almaq da asan deyil. Amma, qarşısını ala biləcəyimiz başqa səbəblər də var:
Meşələrin qırılması — meşələrdə ağacların kökləri torpağı birləşdirir, onlar olmayanda torpaq asanlıqla dağılır.
Mədənçilik (yer altı qazıntılar) — torpağın təbəqələrini dağıdır və torpağı zəif qoyur.
Əkin yerlərinin dəyişdirilməsi (shifting agriculture) — fermerlər torpağı istifadə etdikdən sonra bərpa etmədən tərk edir.
Artıq şumlama (over-tillage) — lazım olandan daha geniş şəkildə şumlamaq torpağın quruluşunu pozur.
Suyun düzgün idarə olunmaması — lazım olandan artıq su torpağı yersizcə isladır və zəiflədir.
Eyni bitkinin hər il əkilməsi (monokultura) — torpağın qida balansı var, necə ki bizim də var. Əgər torpaq hər il eyni məhsulu versə, bir müddət sonra gücünü itirər, necə ki biz də hər il boyu eyni məhsulu yeyə bilmərik. Ona görə bir sahədə hər il fərqli məhsullar əkmək lazımdır.
Torpaq Eroziyası niyə bu qədər vacibdir?
Torpaq yoxdursa, heçnə yoxdur. Təbiətin sadəcə 2 sm üst torpaq yaratması üçün təxminən 500 il lazımdır. Amma biz onu bir sezonda itirə bilərik. Eroziya təkcə fermerlər üçün yox, hamımız üçün problemdir, çünki hava, su və qida birbaşa torpaqla bağlıdır.
Nəticə
Hər dəfə bu tip mövzular açılanda, atamın dediyi bir söz yadıma düşür:
“Allah bizə torpağı bir dəfə verib — bir də verməyəcək.”
Biz onu qorumalıyıq. Tək özümüz üçün deyil, bizdən sonra gələn nəsillər üçün də.
