Arıçılığın 6 məhsulu! – Bal, Arımumu, Propolis, Çiçək tozu, Güləm, Arı südü
Aşağıda gördükləriniz bal və bal ilə birlikdə istehsal olunan 5 fərqli məhsuldur. Bugünki yazımızda bütün bu məhsullar haqqında əsasən necə əmələ gəldikləri, nə üçün istifadə olunduqları və faydaları haqqında maraqlı və öyrədici şəkildə danışacam. Əvvəlcə hamımızın tanıdığı baldan, sonda isə kilosu 6800 manat olan çox az tapılan arı məhsulundan.






İlk olaraq onu qeyd edim ki, bu bir dərslik yazısı deyil, yəni verəcəyim məlumatlar arıçılıqla yaxınlığı olmayan insanlara bu sahəni ümumi bir şəkildə özətləməkdir. Əlimdən gəldiyi qədər hərşeyi sadə tutmağa çalışacam.
Elə isə, getdik!
#1 Bal
Yəqin ki, hamımız balın nə olduğunu və nə üçün istifadə olunduğunu yaxşı bilirik. İşçi arılar ətrafdakı bitkilərdən nektar toplayıb yeşiyə gətirir və orada onu emal edərək bala çevirirlər.
Balın saymaqla bitməz faydaları olduğu da məlumdur. Ümumiyyətcə ölkəmizin sahib olduğu bal resursu, kifayət qədər yaxşıdır. Bal ümumiyyətcə 2 cür olur, birincisi sıradan adi ballardır. Bu ballar əsasən avropa ölkələrində və ABŞda istehsal olunur. Bu zaman arılar balı nektarı zəif bitkilərdən toplayır və balın keyfiyyəti zəif olur. Və ya arılar süni şəkildə qidalandırılır. Yəni, balın saymaqla bitməyən faydaları, heç barmaqla sayılmayacaq qədər olur. Bir maraqlı fakt da odur ki, bu ölkələrdə olan ballar adətən saxtalaşdırılmış olur. Yəni, təbii bal ucuz siruplar ilə qarışdırılır. Misal qarğıdalı, şəkər sirupu. Hətta Avropa Komissiyasının Birgə Araşdırmalar Mərkəzinin apardığı araşdırmada Çindən idxalın 74%nin və Birləşmiş Krallıqdan gətirilən balların 100%nin saxtalaşdırıldığı ortaya çıxıb.1
İkinci növ ballar isə vəhşi təbiətdə yığılan ballardır. Yəni, Azərbaycanda istehsal olunan balların əksəriyyəti. Bu ballar növbənöv fərqli bitkilərdən, dağlıq ərazilərdən toplanılır və istehsalı birinci növ ballar kimi asan deyil.
Azərbaycanda 2025ci ildə 4757 ton bal istehsal olunub. Bu da, adam başına təxmini yarım kilo bal edir. Amma təbii ki, daha çoxunu istehsal edə biləcək təbiətə sahibik.2
Bal haqqında çox daha uzun danışıla bilər, amma gəlin keçək növbəti məhsula
#2 Arı mumu

Arı mumu 10-20 günlük bal arılarının şan düzəltmək üçün ərsəyə gətirdikləri maddədən hazırlanır. Ümumiyyətcə bilməyənlər üçün, şanın şəklini aşağıda yerləşdirdim. Arılar çiçək tozu və balı yeyir, bunu həzm edir, sonra qarınlarının altındakı kiçik orqanlardan nazik mum parçacıqlar şəklində çıxarırlar. Sonra bu parçacıqları yumşaldıb, gördüyünüz bu şanı qururlar. Maraqlıdır ki, 1 kiloqram mum əldə etmək üçün arılar təxminən 6-8 kiloqram bal istehlak etməlidirlər3 – yəni mum, arı ailəsi üçün olduqca bahalı bir məhsuldur və ona görə də arılar onu israf etmədən, çox səmərəli şəkildə istifadə edirlər.

Bəs bu mum insanlar üçün nəyə lazımdır? Əsrlər boyu arı mumu şam düzəltmək üçün istifadə olunub, çünki yanarkən xoşagəlməz qoxu yerinə və xoş bir bal ətri yayır. Bundan başqa, kosmetika sənayesində – dodaq balzamları, kremlər, losyonlar hazırlamaqda geniş istifadə olunur, çünki dərini nəmləndirir və qoruyucu təbəqə yaradır. Tibbdə də yaraların sağalmasına kömək etmək üçün məlhəmlərin tərkibinə qatılır.
Arı mumu təbiətdə demək olar ki, xarab olmayan nadir maddələrdən biridir. Yəqin hamımız qədim Misir mumyalarını şəkillərdə görmüşük. Minlərlə il qalsalar belə, formalarını itirməyiblər. Bəzi deyimlərə görə, bunun səbəbi onların mumyalayarkən arı mumundan istifadə etmələridir.4 Mumyalamaq üçün istifadə etdikləri o parçaları arı mumu ilə hava keçirtməz hala gətirirlər. Hətta internetdə bəlkə də bu məhsulu görənləriniz olub. Bildiyiniz parçanı arımumu istifadə edərək qida sarğısına çevirirlər. Qida sarğısı isə qidaları, misal çörək, kəsmik, göy-göyərtini arasına büküb qoymaq və ya bir qabın ağzını bağlamaq üçündür. Hava keçirtmədiyi üçün qidalar xarab olmur.

Azərbaycanda keçən il 122,9 ton arı mumu istehsal olunub və ortalama 1 kilosunun satış qiyməti 17.7m olub. Amma bu qiymət bizi aldatmasın, çünki mənim tapdığım yerlərdə satış qiyməti daha baha idi. Təxmini 40 manat radələrində.5
İndi isə arı mumunun necə hazırlandığına baxaq. Hazırlanma prosesi eyni olsa da, 2 fərqli məhsuldan hazırlamaq olur. Birincisi bal ilə dolu pətəyin üzərində yığılmış bu təbəqədən, ikincisi köhnəlmiş və ya istifadəyə yararsız olan şanlardan.
Deməli balı toplayarkən bu üzərində qalan artıqlar əvvəlcə kəsilir və bəzi alətlər ilə üzərində olan bal da toplanır. Bu da belə nazik parçaçıqlar halına gəlir. İndi bunu buna çevirmək üçün (bu parçacıqları, muma) bir iki addım qalır. Əvvəlcə bütün bu parçacıqlar bir paslanmayan polad qaba su ilə doldurulur. 1 saat qaynadılır və 6-7 saat dincəlir. Sonra qabın üst hissənə belə bərk və kirli bir maddə çıxır. Əslində bunun özü mumdur, sadəcə kirlidir. Mum götürülüb yenidən təmiz su ilə qaynadılır və dincəldirilir. Amma bu səfər qaynadarkən bu kir toplanılsın deyə nazik bir parçaya bükülərək qoyulur. Və nəticədə tərtəmiz bir mum ortaya gəlir və o kir parçanın içində qalır. Daha da təmiz olması istənilsə əgər, yenidən eyni prosesi etmək olur.
Belə. Bundan sonra bu mumu istəyən əridərək kiçik mumlara çevirə bilər, istəyəndə digər maraqlı məhsullar üçün istifadə edə bilər.
İndi isə keçək növbəti məhsula…
#3 Propolis (Vərəmum)

Propolis – və ya başqa adı ilə, vərəmum – adətən bal arılarının xüsusi olaraq hazırladıqları qarışıq tərkibli bir maddədir. Arılar bu maddəni ağac tumurcuqlarından, qabığından və sairə yerlərdən toplayırlar. Hətta çöldən yem gətirən zaman, ayaqlarında olan mikrobları yeşiyə keçirtməsinlər deyə, girişdə ayaqlarını propolisə batırıb keçirlər. Necə ki biz evə daxil olanda ayağımızı yerdə olan pas-pasa silirik, onlar da propolisə silirlər.
Arılar yeşikdə olan kiçik deşikləri propolislə bağlayırlar ki, həm rütübət dəyişməsin, həm də digər növ həşəratlar içəriyə daxil olmasın. Əgər, arılar istənilməyən bir həşəratı öldürdükdən sonra yeşikdən çıxarı bilmirlərsə, bu zaman da həmin həşəratı propolis ilə mumyalayırlar. Bunun nəticəsində də heçbir mikrob yayılması olmur.6
Elə buna görə də insanlar əsrlərdir propolisi “təbii antibiotik” kimi istifadə edir. Tərkibində flavonoidlər, müxtəlif vitaminlər (B1, B2, B6, C, E) və minerallar (maqnezium, kalsium, sink və s.) olduğu üçün antibakterial, antivirus və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Propolisin faydaları haqqında daha çox oxumaq üçün bura bir yazı qoyuram, dayandırıb oxuya bilərsiniz. Və ya aşağıdan linkə keçid edə bilərsiniz.
https://fizulihuseynov.com/tebii-antibiotik-propolis/
İstifadəsi isə müxtəlif yollarla olur. Misal, 20%li propolis məhlulu və ya məcun hazırlaya bilərsiz.
Gəlin məcun necə edə bilərsiz onu izah edim, çünki mən özüm də edəcəm. Əvvəlcə 25-50 qram propolisi dondurub, sonra rəndələyib, sonra da 500 qram bal ilə qarışdırırıq. Bunun üzərinə də 100 qram çiçək tozu tökə bilərik.
Bəli! Çiçək tozu. Növbəti məhsulumuz, çiçək tozudur.
#4 Çiçək tozu

Yəqin eşitmişik ki, arılar çiçəklərin çoxalmasında mühim rol oynayır. Yaxşı bəs, nədir bu mühim rol? Arılar necə çiçəklərin çoxalmasına kömək olur?
Deməli bal arıları nektar toplamaq üçün çiçəklərə qonurlar. Bu zaman, arılar istəmədən çiçəklərin üzərində olan polenləri bədənlərinə toplayılar. Bu polenlər mikroskopla görünəcək dərəcədə kiçik olur. Yəni, gözlə görülmür. Arılar bu polenləri ayaqları ilə yığıb, arxa ayaqlarındakı xüsusi səbətciklərə bərkidirlər. Bu prosesi dəfələrlə təkrar etdikdən sonra, çiçək tozu əmələ gəlir. Yəni o xırda polenlər azacıq bal ilə birləşərək topcuğa çevrilir. Amma təbiki də arılar üzərində olan bütün poleni yığa bilmir. O artıq qalan polenlər isə, arı digər çiçəklərə qonarkən çiçəyin dişi orqanına düşür və çoxalma baş verir.7
Bəli bu yolla çiçəklərdə tozlanma (yəni, pollunation) baş verir. İndi soruşa bilərsiz ki, bu çiçək tozlarını arıçılar necə əldə edirlər?
Arıçılar yeşiklərin önünə çiçək tozu tələləri qoyurlar və ya arıların yeşiyə girdikləri hissəni (o balaca deşikləri) tam arının boyu qədər edirlər. Ki, arı yeşiyə girməyə çalışanda məcbur olub çiçək tozlarını buraxsınlar. Altda olan qutucuqlar isə bu tozları bir yerdə toplayır.

Sonra isə bu polenləri kiflənmədən qorumaq üçün 3 gün ərzində, tez-tez qarışdıraraq qurudulur. Bu qədər.8
Gəldik ən maraqlı hissəyə, çiçək tozunun faydası və istifadəsi.
Bu məhsulun faydası, digər arı məhsullarının faydası kimi, çoxdur. Stresə qarşı davamlıdır, düşünmə qabiliyyətini artırır, yüksək protein mənbəyidir. Səhər, ac qarına yemək məsləhətlidir.9
Misal, bundan əvvəl verdiyim məcum reseptindəki kimi, bal ilə qatıb, yoqurtun üstünə töküb, və ya elə sadə bir şəkildə çərəz kimi yeyə bilərsiz.
Yaxşı bəs, çiçək tozu tələləri qoymasaq və arılar onları yeşiyə aparsa nə olar? Elə bu da növbəti məhsula gətirir.
#5 Güləm

Arılar çiçək tozu bol-bol yığırlar. 25 min üzvlü arı ailəsi 1 il ərzində təxmini 10-20 kiloqram yığa bilir.10 Amma bir şeyi sizə demədim. Arılar çiçək tozunu ancaq biz yeyib enerji alaq deyə yığmırlar.
Arıçılar günün bir hissəsində tələlər qoysa da, bəzən heç qoymurlar. Toplayıcı arılar, yəni nektar toplayanlar, yeşiyə polenlər ilə qayıdır, şanın üzərində içərisi boş olan bir yer axtarır və poleni ora sıxışdırırlar. Daha sonra isə azacıq bal ilə bu poleni marinə edirlər. (bura izah qoy) Bir müddət sonra isə bu güləm, yəni arı çörəyi halına gəlir. Bu isə yeni doğmuş və cavan arıların qidası olur.
Bildiyiniz kimi bal şanlardan yığılır və şanlar yenidən istifadə olunur. Yox əgər istifadə olunmasa, misal artıq köhnədirsə, və ya arıçı güləm satmaq istəyirsə bu şanı dondurub, daha sonra kiçik hissələrə payçalayır. Sonra süzgəçdən keçirərək güləm əldə edir.
Güləm adətən polendən daha baha olur, çünki istehsalı daha çətindir. Azərbaycanda 2025ci ildə 14,9 ton istehsal olunub və kilosu ortalama 154,6 manata satılıb.11
Çiçək tozu ilə arı çörəyinin (yəni güləmin) ən əsas fərqi odur ki, çiçək tozu heçbir prosesdən keçmir, arılar yeşiyə gətirmək istəyəndə, əllərindən alınır. Amma arı çörəyi çiçək tozunun müəyyən bir prosesdən keçməsindən yaranır. Misal olaraq fındığı düşünə bilərsiz. Əgər fındıq sadə, quru şəkildə yeyilsə, bəli dadlı olur, vitaminləri var və çox faydalıdır. Amma həmin fındığı həm qovursaz, biraz ədviyyat əlavə etsəz, daha da dadlı olur.
İndi isə, kilosu 6800 manat, istehsal etməsi çətin olan o məhsula baxaq.
#6 Arı südü

Arı südü ailədə olan gənc arıların ifraz etdiyi krem kimi bir maddədir. Ağ rəngdə olur amma zamanla sarılaşır. Kəskin və qatılaşmış süd kimi dadı var. Ümumilikdə dadı elə də sevilən deyil, amma faydaları çox böyükdür.
Bəzilərinə deyir ki, arı südü ömrü uzadır, sağlımlığa çoox yaxşıdır. Dəlilləri isə budur: Arılar arı südünü ancaq ana arıya yedizdirirlər. Belə ki, ana arı 2-5 il radələrində yaşayır, amma işçi arılar (hansı ki, arı südüylə qidalanmırlar) yayda 1 ay – 1 ay yarım, qışda isə 5-6 ay yaşayırlar.
Arı südünün faydaları haqqında məlumat çoxdur. Xərçənglə mübarizədə güclüdür, tərkibində bir çox müxtəlif qida maddələri var, ürək xəstləliklərini azalda bilər, qan təzyiqini azalda bilər və sairə. Hətta dərman istehsalında da istifadə edilir.
Amma, Avropa Qida Təhlükəsizliyi Təşkilatı 2011ci ildə arı südünün istehlakının insanlara sağlamlıq faydaları olması iddiasının sübutlarını dəstəkləmədiyi bildirib.12
Arı südünün istehsalı çox maraqlı bir şəkildə baş verir. Deməli əvvəlcə arıçılar bir yeşikdə olan ana arını götürürlər. Daha sonra arılar təbii olaraq, ana arı yetişdirməyə başlayırlar. Bu zaman arıçı, plastikdən və ya arımumundan hazırlanmış kiçik üskükləri yeşiyə yerləşdirirlər. Amma hərbirinin içərisinə də sürfə, yəni yumurta qoyurlar. Arılar bu süni üskükləri əsl ana üsküyü zənn edib, içərisinə bol-bol arı südü doldururlar. Təxmini 72 saat sonra da, yəni sürfələr çox böyüməzdən qabaq, arıçılar bu üskükləri yeşikdən götürürlər. Daha sonra sürfələri kənara qoyub, üsküklərin içində olan arı südünü yığırlar. O çıxartdıqları sürfələri də digər heyvanlara qida olaraq vermək olur, hətta onlar da bir arı məhsulu olaraq satılır. Bəzi ölkələr də insanlar tərəfindən yeyildiyini də eşitmişəm. Gördüyünüz kimi, azacıq arı südünü istehsal etmək, çox əziyyətlidir. Ona görə də qiyməti bu qədər bahadır.
Son
Ümumilikdə bilmək lazımdır ki, təbii olan bu arı məhsullarının hər birində bir çox fayda var. Yəni, hələ də ağır xəstəliklərə məruz qalmamısınızsa, elə indidən bu məhsullardan, başda da bal olmaq şərtiylə, daima istifadə edin. Ki, gələcəkdə həkim tövsiyyəsi ilə məcburiyyət yaranmasın.
Oxuduğunuz üçün təşəkkürlər. (Aşağıda mənim statistika gov’dan alınmış məlumatlarla hazırladığım, hər məhsulun 2017ci ildən bəri ortalama satış dəyəri və istehsal miqdarı yazılan cədvəli yerləşdirdim.)

İstinadlar
- https://fed.az/az/iqtisadiyyat/avropada-satilan-balin-teqriben-yarisi-keyfiyyetsizdir-158637 ↩︎
- https://www.stat.gov.az/news/index.php?lang=az&id=6634 ↩︎
- https://www.honeyflow.com/blogs/beekeeping-basics/how-do-bees-make-beeswax ↩︎
- https://beeinspiredgoods.com/blogs/good-reads/history-of-honey?srsltid=AfmBOopeoXOzvdm5y5HQ5uC7DGrlyi4xWvvMx8xIYP71niNvglThtBL_ ↩︎
- https://www.stat.gov.az/news/index.php?lang=az&id=6634 ↩︎
- https://fizulihuseynov.com/tebii-antibiotik-propolis/ ↩︎
- https://en.wikipedia.org/wiki/Pollination ↩︎
- https://www.youtube.com/watch?v=uvXpDR40gU8 ↩︎
- https://herba-flora.com/meqaleler/cic%C9%99k-tozu-polen-cic%C9%99k-tozunun-faydalari-v%C9%99-istifad%C9%99-qaydasi/ ↩︎
- https://www.insignia-bee.eu/how-much-pollen-does-a-colony-need/ ↩︎
- https://www.stat.gov.az/news/index.php?lang=az&id=6634 ↩︎
- https://en.wikipedia.org/wiki/Royal_jelly ↩︎