Misvak Haqqında Faktlar – Tarix / İqtisadiyyat / Şəxsi təcrübə

25 Sep, 2026 ·
Misvak Haqqında Faktlar – Tarix / İqtisadiyyat / Şəxsi təcrübə

Əslində bu yazını yazacağımı düşünməzdim. Bu yaxınlarda dostumla yolda universitetə gedərkən, misvakdan söhbət düşdü. Mən də kənd təsərrüfatı oxuduğum üçün, mənə ‘Misvak haqqında prezentasiya niyə etmirsən?’ dedi. Yəni, həm universitetdə bunun haqqında danışmaq, həm də burada yazmaq.

Birdən düşündüm ki, mən illərdi misvak istifadə edirəm və heç haradan, hansı ağacdan gəldiyini belə bilmirəm. Elə ona görə də qərar verdim ki, misvak haqqında kiçik bir araşdırma edim. Bu yazıda isə oxuduğum məqalələrə və baxdığım videolara istinad edib, ümumi şəxsi təcrübəmi və dostlarımın təcrübələrini bölüşüb, maraqlı elmi araşdırmalara göz gəzdirmək istəyirəm. Mövzular belə olacaq:

  • Misvak nədir? | Hansı ağacdan toplanılır? | Bu ağacın və misvakın tarixi | Misvakın faydaları
  • Misvakın iqtisadiyyatı (illik gəlir, satış dəyəri (haradan tapaq?), istehsal edən brendlər/ölkələr)
  • Maraqlı araşdırmalar
  • Şəxsi təcrübəm

Misvak nədir?

Misvak (السواك), əslində ‘diş çöpü’ deməkdir. Lakin, günümüzdə olan xırda diş çöplərindən fərqli olaraq, biraz qalın olur. Bu diş çöpü Salvadora persica deyilən ağacın (bir digər adı da “Arak”dır) budaqlarıdır. Bu ağac təxmini 6-7 metr hündürlüyündə olur və salxımlar şəklində kiçik, qırmızı meyvələr verir; bunlar yeyilə bilən və şirəli olsa da, kəskin dada sahibdir.1

Günümüzdə misvak istifadəsi salvadora ağacından gəlsə də, əvvəllər fərqli ağaclardan da toplanılırdı. Yunanlar və Romalılar da bu növ diş çöplərinin istifadəsini məsləhət görürmüşlər.2 İslam dininin gəlməsindən əvvəl Ərəblər misvakdan cəlbedici görünmək və ya bəzi rituallar məqsədiylə istifadə edirmişlər. Bu sayədə də dişləri bəyaz imiş.

İslam dini gəldikdən sonra misvakın istifadəsi daha da artmış və önəm daşımışdır. Günümüzdə də misvak istifadəçilərinin əksəriyyətini müsəlmanlar təşkil edir. Belə ki, misvak istifadəsi bu vaxtlarda məsləhət görülmüşdür: dəstəmaz alarkən, kiminsə evinə girməzdən əvvəl, kitab oxumazdan əvvəl, yeməkdən sonra, yatmazdan qabaq və yuxudan durduqda və sairə.

Misvakın faydaları

Misvakın faydaları haqqında elmi araşdırmaların birində belə bir yazı oxudum:

“Bir sıra elmi tədqiqatlar misvakın (Salvadora persica) antibakterial, göbələk əleyhinə, virus əleyhinə, kariyesin qarşısını alan və diş ərpinin yaranmasına mane olan xüsusiyyətlərə malik olduğunu nümayiş etdirmişdir. Həmçinin, bir neçə tədqiqatda misvakın antioksidant, ağrıkəsici və iltihab əleyhinə təsirlərə malik olduğu da bildirilmişdir.”3

İnternetdə araşdırmalar bol-bol idi, amma bir-birlərindən çox da fərqli deyildilər. Bu barədə biraz aşağıda toplu yazdım.

İqtisadiyyatı

Ümumilikdə, misvak ağacı (Arak) adətən Ərəb ölkələrində, İranda, Pakistanda və sairə yerlərdə yetişir. Amma internetdən toplu sifariş şirkətlərinə baxdıqda, əksəriyyətinin Pakistanda yerləşdiyini gördüm (düşünürəm ki, əsas səbəb Pakistanlıların interneti güclü istifadə etməsidir). Elə Azərbaycanda satılan ən məşhur misvakında Sewak al-Mubarak brendinə məxsus olduğu və bu brendin Pakistanda yerləşdiyi məlumdur. Bu brenddən başqa, Al-Safaa, Al-Huda kimi toplu satış edən brendlər də var.

(Bunu yazdıqdan sonra oxuduğum bir araşdırmada Səudi misvak brendlərinə də rast gəldim. Görünür, Pakistanlılar İnternet axtarışlarında həqiqətən yaxşı imiş :)) Araşdırmaya görə Səudidə misvak brendi olaraq ən üstdə olanlar: Al-Khair Miswak, Al-Madina Miswak)

Azərbaycanda misvak adətən 1-1.5 manata satılır. Misvak ala biləcəyiniz ən ucuz məkan, məscidlərin qarşısı olur. Həmçinin apteklərdə də satılır, amma qiyməti adətən 3-5 manat arası olur. Xarici ölkələrdə isə bu qiymət fərqlənir. Misal, misvakın yetişdiyi məkanlarda daha ucuz, Avropa ölkələrində və ABŞda daha baha olur. İnternetdən baxdığıma görə, ABŞda 12 dənəlik aldıqda biri 2 manat4, Avropada 3 manat radələrindədir5. Pakistanda isə 30-50 qəpiyə qədər (bəlkə daha da az) düşür. Ya da kimsə Arak (Salvadora) ağacını görəndə budağını qoparıb istifadə edir))

Araşdırarkən bir dataya rast gəldim. Qeyd olunub ki, 2025də Misvak bazarı təxminən 1.4 milyard dollardır və bu dəyər 2034cü ilə 2.9 milyarda qədər çıxacağı düşünülür. Bu artımın 3 səbəbi vurğulanır. 1. insanların süni florid əsaslı diş məcunlarından uzaqlaşması (bu barədə şəxsi təcrübəmdə danışacam), 2. Eko-dostu məhsullara üstünlük verilməsi (diş məcunları misvaka nisbətdə plastik tullantıları qat-qat daha çox yaradır), 3. Müsəlmanların sayının get-gedə artması.6

Bundan əlavə, Avropa ümumi bazarın 11.7%, Asiya-Sakit okean 27.1%, Şimali Amerika 13.8% və Latın Amerika 9% təşkil edir. Yəni, misvak ancaq Ərəblərdə deyil :))7

Əlavə informasiya almaq üçün toplu misvak satan Pakistanlı brendlərlə də danışdım. Elə oradan aldığım məlumata görə, bir şirkət 500 ədədliyi 13 centdən (~22 qəpik) digəri 720 ədədliyi 14 centdən (~24 qəpik) satırdı. Amma düşünürəm ki 5 dəqiqəlik söhbət ilə və biraz daha çox alaraq bunu 10-11 centə (17-19 qəpiyə) qədər düşürmək çox rahat olardı))

Misvak haqqında digər araşdırmalar mənə biraz absurd gəldi. Elə səbəbini bilmək üçün keçək təcrübələrimə.

Şəxsi təcrübələrim

Təxmini 2 il əvvəl ilk dəfə misvak aldıqda, səhv etmirəmsə ağzıma vurduqdan sonra tullamışdım. Çünki uşaqlıqdan plastik, horizontal diş fırçalarına öyrəşmişdim. Sonra bir neçə dəfə alıb, yenə tulladım, ta ki 1 il əvvələ qədər.

Son 1 ildir davamlı misvak istifadə edirəm və yarım ildən çox olar ki, ağız sağlamlığım üçün misvakdan başqa (pasta, qarqara məhsulları, dərmanlar və s.) heçnə istifadə etmirəm. 18 yaşım var və düşünməzdim ki, ağız sağlamlığım bu qədər güclü olacaq.

Əvvəllər pasta istifadə edəndə belə idi ki, səhər dişimi yuduqda ilk başlarda ağızda möhtəşəm bir qoxu, bir neçə saat (4-5) sonra qəribə/xoşagəlməz qoxu olurdu. Və ya axşam yatdıqda yusam belə, səhər durduqda nəfəsimdən pis qoxu gələrdi.

Yaxşı bəs misvakdan sonra nə oldu? Yeni başlayanda heçnə dəyişmədi, hətta sırf bu pastalara qatılan qatqılara görə, ağızda ilk 1 həftə pis qoxu olurdu və ağız öyrəşdiyi üçün o pastaları istəyirdi. Bu mərhələ sadəcə səbr istəyir. İstifadəçi gərək yaxşı olacağını düşünüb misvakla fırçalamağa davam etsin. Mən də inanırdım ki, bu gərəksiz pastalardan qurtulmaq üçün bunu etməliyəm. Bir müddət davam etdikdən sonra, gündəlik dişimi misvakla fırçaladıqda ağzımdan demək olar heçbir qoxu gəlmirdi. Amma qeyd edim ki, fərəhli qoxu da (pastalarda olan) gəlmirdi. Bu mənim üçün əla bir transformasiya idi. Yəni, səhər durduqda, gün ərzində, yeməkdən sonra belə ağızda heçbir qoxu olmurdu. Sonradan anladım ki, biz sadəcə bu problemləri (səhər durduqda və s. vaxtlarda ağızdan qoxu gəlməyi) normal bir hal kimi qəbul edib, həll yolu düşünməmişik.

Bu prosesi uzun-müddətli, qısa-müddətli qərarlar kimi düşünmək olar. Normal pastalarla diş yumaq ağızdakı qoxunu qısa müddətlik möhtəşəm edir, amma qısa müddətə də pisə gətirir. Həmçinin, keçmişə baxsaq (o keçmiş ki, insanlar sadəcə ağac budaqları ilə diş fırçalayıb), onların daha yaxşı dişə sahib olduğunu görərik. Çiy ət yeyən dişlər )). Misvak ilə isə başlarda çox çətin və nəticəsiz olur, amma uzun müddət sonra ağız sağlamlığı möhtəşəm olur!

Bundan əlavə bir şey də deyim, məncə misvak dişləri ağartmır. Mən 1 ildir istifadə edirəm və gözə çarpan fərq yoxdur. Və düşünürəm ki, misvakın belə bir iddiası da yoxdur. Çünki dişlərimizi saraldan/zəiflədən adətən öz etdiyimiz əməllərdir: tütün istifadəsi, qədərindən artıq şirniyyat yemək, kifayət qədər ət çeynəməmək və s.

Necə başlayaq? Necə istifadə edək?

Deməli, əvvəlcə misvak alaraq başlaya bilərsiz. Demişəm haradan almaq olar :)) Amma belə bir nüans var ki, hər misvak eyni olmur. Məsləhət görərdim ki, aşağıda yerləşdirdiyim şəkildəki misvakdan alın, onsuz ən çox satılan da odur. Alarkən qalınlığa fikir verin. Yeni başlayana qalın və orta məsləhət görməzdim, mənim səhvim həm də bu idi. İncə (amma çox incə yox) alın. Elə şəkildəki əladır.

Necə istifadə edəcəyiniz isə qəlizdir, biraz zaman alacaq. Mən ilk dəfələr səhv istifadə edirdim deyə tullayırdım. Ona görə burada yazdıqlarımı diqqətlə oxuyun və əməl edin ki, əsl faydasını görə biləsiniz.

  1. Əvvəlcə misvakın qabığını bıçağı yavaşca toxunduraraq 1 barmaqlıq kəsin. (biraz inkişaf edəndə ağızla da edə bilərsiz))
  2. Əgər çox qurudursa, ya 15-20 saniyə suda saxlayın, ya da ağızda nəmləndirin.
  3. Dişlərinizlə kəsdiyiniz yerin ortasını 4 dəfə orta dərəcədə sıxın. Çox sıxmayın yoxsa zay olacaq. Əgər qalındırsa 6-8 dəfə də olar.
  4. Uc hissəsini də 1-2 dəfə sıxın, yumşaq şəkildə.
  5. Yavaş-yavaş dişlərinizə sürtməyə başlayın və gündəlik 3-5 dəfə fırçalayın. Kəsildikdən sonra ilk fırçalamada biraz sərt ola bilər, 2-3cü də artıq açılmağa və yumşaqlaşmağa başlayır.
  6. İnternetdən baxa biləcəyiniz, Türk dilində bir video da yerləşdirirəm. https://www.youtube.com/shorts/kcg6F0u5yl0

Bu belə. İndi isə taktikalar verim.

  1. Misvak çox tez quruyur. Paketdən çöldə çox saxlamayın. Hərgün ən az 3 dəfə istifadə edin. 1 gün istifadə etməsəz həmin kəsilmiş hissə quruyacaq.
  2. Hər 2 gündən bir (və ya unutmusuzsa istifadə etməyi, quruyubsa) qabığını kəsdiyiniz hissəni iti bıçaqla dümdüz kəsin. Sonra yenidən yeni qabıq kəsib prosesi davam etdirin.
  3. Misvak ilə bir dəfəyə 5 dəqiqə fırçalamaq yerinə, 5 dəfə 1 dəqiqə günün fərqli vaxtları fırçalasaz yaxşı olar.

Unutmayın ki, siz gündəlik 5 dəqiqə ilə onun qeydinə qalsaz, o da ömür boyu ağız sağlamlığınızın qeydinə qalar.

Son olaraq da, edilən araşdırmalar mənə niyə absurd gəldi onu deyim. Düzdü, araşdırmalar zəif olsa belə, nəticədə – əksər hallarda – misvak ağız sağlamlığını artırır. Amma bu araşdırmalar adətən müəyyən sayda insanı qruplara bölüb 1 ay müddətində misvak və pasta istifadə etdirir. Biraz real baxaq məsələyə: mən dedim ki, misvakı 1 ildir işlədirəm və son 6 ayda görmüşəm faydasını. İlk başlarda pastaları heç buraxmırdım belə. Səhər pasta ilə, gün içi misvak ilə fırçalayırdım. Buna smooth transition deyirlər. Yəni, asta-asta dəyişim etmək. (Təsəvvür edin, hərgün 7 də yuxudan qalxan birisisiniz. Birdən birə gündəlik 4də qalxmağa qərar vermək bədəninizə çətinlik olar. Onun yerinə hərgün 20-25 dəqiqə tez qalxaraq, bədəni buna öyrəşdirmək olur. Misvak ilə də ilk başlarda yavaş-yavaş, gündəlik 2-3 dəfə, sonra isə öz istəyinizlə gündəlik 6-10 dəfə fırçalayırsınız.) Bu araşdırmalarda da, insanları birdən birə misvaka təşviq edirlər, hətta daha gülünc olan odur ki, misvakın istifadəsini belə bilməyənlər olur. Axı bunun istifadəsi elə 1 aya öyrənilir, bunun faydası bir neçə aya gəlir, siz 1 aya nəyi ölçürsünüz? Maraqlıdır…

Oxuduğunuz üçün təşəkkürlər.

İstinadlar

  1. https://en.wikipedia.org/wiki/Miswak ↩︎
  2. https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC4436748/ ↩︎
  3. https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC4436748/ ↩︎
  4. https://a.co/d/0eEjUDfE ↩︎
  5. https://orinko.org/en/product/12-miswak-sticks/ ↩︎
  6. https://dataintelo.com/report/miswak-natural-toothbrush-stick-market ↩︎
  7. https://dataintelo.com/report/miswak-natural-toothbrush-stick-market ↩︎

Bloqlardan tez xəbərdar olmaq üçün qoşula bilərsiniz!