Pomidor Xəstəlikləri və Həlləri

Dünən pomidor yetişdirilməsi haqqında maraqlı bir video izləyirdim. 12 illik pomidor yetişdirmək təcrübəsi olan Kevin, videonun sonlarına yaxın pomidor xəstəliklərindən və onların həllərindən danışdı. İndi isə bu xəstəliklərə baxaq:

1 – Buynuzlu tırtıllar: Əgər pomidor yarpaqlarının üzərində bu böyük tırtılları görsəniz, pomidorların yanına müxtəlif bitkilər əkərək, parazit arılarını cəlb edə bilərsiniz. Bu arılar tırtılların içinə yumurta qoyaraq onların sayını azaltmağa kömək edir.

2 – Bitlənmə: Əgər yarpaqlarda bit əmələ gələrsə, günün orta saatlarında həmin hissələri güclü su ilə yuyaraq bitlənmənin qarşısını ala bilərsiniz.

3 – Çatlama: Əgər pomidor çatlamağa başlayırsa və ya çatlayıbsa, suyu daha az verə bilərsiniz. Çünki bu pomidorun içərisi qabığından daha sürətlə böyüyür və qabığı bu sürətə çata bilmədiyindən çatlamağa başlayır.

4 – Çapıq xətti: Əgər pomidorun üzərində çapıq xətti olarsa, bu tozlanma problemidir. Bu problem pomidora heçbir zərər vermədiyi üçün, sadəcə o hissəni kəsib pomidoru yemək olar.

5 – Böyük deşiklər: Əgər pomidorda böyük deşiklər görürsüzsə, çox güman ki, bir quş tərəfindən baş verib. Bunun qarşısını almaq üçün yaxın bir yerə quşlar üçün bir qabda su qoya bilərsiniz. Çünki o quşlar çox güman ki, su axtarırdılar.

6 – Günəş yanığı: Bu problem 2 səbəbdən ola bilər: ya çox budama edilir, ya da bu pomidorun biraz kölgəyə ehtiyacı var.
Budama – bitkilərin üzərində artıq çıxan budaqları, qönçələri və köklərin kəsilməsidir. Bunu etməkdə səbəb bitkinin gücünü gərəksiz hissələrə verməyindənsə, məhsula verməsidir. Lakin çox etmək fərqli xəstəliklərə gətirib çıxara bilir.

7 – Alt hissədə qaralıq: Əgər pomidorun alt hissəsində böyük bir qaralıq varsa, bu su dəngəsizliyindəndir. Yəni, su, ya lazım olduğundan daha çox, ya da daha az verilir. Bunun adı isə Blossom end Rot’dur. (Çiçək ucu çürüməsi – google də tərcümə etdim, bilmirəm nə dərəcə düzdür)

8 – Toz kifi və yanıqlıq: Əgər yarpaqlarda toz kifi və yanıqlıq baş veribsə, yaxşı olar ki, pomidorların aralarını biraz böyük tutasınız və hava almalarına icazə verəsiniz. Yəni, bir birlərinə çox sıx yetişdirməyin.
Sonda isə pomidorlarda erkən məhsul yığımı haqqında danışaq. Pomidorlar adətən 50% yetişdikləri mərhələdə yığılır. Bu sayədə həm zərərvericilərin (pestlər) gələcəkdə ola biləcək zərərindən qorunur, həm də pomidorlar uzun məsafə daşınarkən yolda yetişir.

Belə. Bu qədər.
Mənbə: https://www.youtube.com/watch?v=9seQurhbLPM
