WUF13’də ilk gün – Kənd Təsərrüfatı tapıntılarım

Deməli dünən WUF13’ün ilk günündə oldum. Əslində, 2ci idi, sadəcə bizə ilk gün oldu. Mənim burda olma səbəbim, bir növ kənd təsərrüfatı üzrə yeniliklər axtarmağım idi. Misal, yeni insanlar tanımaq, layihələr görmək və sairə. İndi isə tapdıqlarımı bölüşüb, sonra özümün sevdiyim digər şeyləri yazacam.

Bir səhvim oldu ki, mən elə bildim bugün ancaq EXPO mərkəzi və istirahət bölümü işləyir. Sən demə stadionda başqa tədbirlərdə var imiş. Bilməməyimə peşman oldummu soruşsaz, yox deyərəm. Çünki yenilik axtardığımdan expo mərkəzini bəlkə də 5-6 dəfə gəzdim və hər dəfə yeni bölmələr, insanlar görüb, tanıdım. 100lərlə fərqli girişimlər, qurumlar, NGO, ölkələr və digər maraqlı bölümlər var idi. Böyük ölkələr üçün isə çox fərqli və böyük hissələr ayrılmışdı. (çox sevdiklərim oldu, danışacam onlar haqqında, amma indi kənd təsərrüfatı)

İlk olaraq marağımı cəlb edən, Meksikalıların tərəvəz simulasiyası idi. Bildiyin diri meyvə, tərəvəzi (məncə) torpağa qoymuşdular. Maraqlı idi.

Sonra yavaş-yavaş yorulurdum, çünki mənim ixtisasıma əlaqəli elə də çox şey yox idi. Amma elə o anda maraqlı bir tədbir tapdım. Tədbir, bildiyiniz çay süfrəsi kimi idi, amma çaysız. 5 spiker maraqlı mövzular haqqında danışırdı. Spikerlərdən biri kollec tələbələrinə kənd təsərrüfatı texnologiyalarını istifadə etməyi öyrədirdi, biri Azərbaycan Kənd Qadınlar Assosiasiyası’nın Sədri idi, Gülbəniz Qənbərova. Biri isə çox maraqlı bir biznesi təqdim edirdi, Digital Umbrella.

Tədbirə lap arxada oturub qulaq asarkən də, Alı bəy mənə yaxınlaşdı. Adama maraqlı gəlib ki, bu qədər qadının içində oturmuşam arxada, mən də qulaq asıram. Yəni, niyə mənə maraqlıdı bu tədbir. Danışdıq və çox sevindi ki, kənd təsərrüfatı üzrə araşdırıram. Mən də nömrəsini götürdüm.

Sonra Türkiyənin bölməsini gördüm. Çox maraqlı kalliqrafiya yazısı yazan bir dayı, adları yazırdı. Hər tərəfində də maraqlı hissələr var idi. Düzü, çox orda olmadım, dəhşət çox çəkiliş var idi.

Sonra dedim gedim bir baxım başqa nələr var. Biraz gəzdikdən sonra tədbirin, məncə, ən maraqlı ölkəsini gördüm. Adamların hamısı eyni geyimdə, 2 mərtəbəli çox böyük bir bölüm, içəri girirsən hamı gülərüzlə salam verir (göz gözə 1 saniyə gəldinsə, qarşılayırdılar səni), həryerdən möhtəşəm ətir iyi gəlir (təxmini ən sevdiyim ətirin də iyini hiss etdim, saffron). Bir tərəf də ənənəvi kofelərini xurma ilə təqdim edib, digər tərəfdə hədiyyə verirdilər.

Sonda isə (artıq 3-4cü səfər gedirdim ora) bəlkə də dinlədiyim ən möhtəşəm spikeri gördüm. Düzü, spikerin dediklərinə dərindən qulaq asmırdım, çünki mövzu mənə biraz uzaq idi. Amma adam o qədər maraqlı və səlis ingiliscə ilə danışırdı ki, çox heyran qaldım (o qədər bəyəndim ki, normal şəkil çəkməyi unutdum). Hətta, bu spikerdən özümə çox maraqlı bir dərs çıxardım. Adam söhbətə başlayanda, 5-6 nəfər var idi, o da özünkülər. Sonradan, maraqlı danışdığı üçün, demək olar bütün yerlər iştirakçılarla doldu. Mənə maraqlı olan isə, adamın tədbirə başlayanda, davam edəndə və bitəndə danışıq tərzinin və həvəsinin heç dəyişməməsi idi. Hər an sanki ora insanlarla dolu imiş kimi danışırdı, dolanda isə eyni ritmdə davam edirdi.

Bu ölkə də, Saudiyyə Ərəbistanı idi.

Sonda, çox istəyərdim xəbərim olsun ki, stadion da maraqlı tədbirlər var. Amma WUF’u tərk etdikdən sonra xəbər tutdum. İnşallah, sabah yenidən!


Rişad İ.
Rişad İ.

Salam! Mən Rişad İbrahimov. ADA universitetində Kənd Təsərrüfatı (Agriculture Technologies) ixtisasında oxuyuram. Bu platformada ixtisasımla əlaqəli maraqlı bloqlar paylaşıram.
Xoş izləmələr!

Bloq sayı: 52
×