Tələb və Təklif (Demand and Supply) – Kənd Təsərrüfatında
Kənd təsərrüfatında ən önəmli mövzulardan biri də, iqtisadiyyatdır. Bu yazıda tələb və təklifi nümunələrlə öyrənəcəyik.
Əvvəlcə onu bilməliyik ki, qiymət və tələb olunan miqdar arasında əks əlaqə var. Yəni, bir məhsulun qiyməti artdıqca, ona tələb olunan miqdar azalır. Qiyməti azaldıqca, tələb miqdarı artır.
Misalçün, 10 manata 5 litr süd düşür və günlük Azərbaycanda 100 litr süd istifadə olunur. Əgər südün qiyməti 15 manata qalxarsa, ona olan tələb miqdarı 80 litrə düşəcək. Qiyməti azalarsa, tələb miqdarı artacaq.
Bu əsasən 3 fərqli təsirdən yaranır: Əvəzedicilərin təsiri, Gəlirlilik təsiri, “Əlavə məmnuniyyətin azalması” qaydası.
(Substitution, Income, Law of Diminishing Marginal Utility)
- Əvəzedicilərin təsiri – məhsulun qiymətində olan dəyişiklik, əvəzedicilərin onun yerini alıb, almamasına səbəb olur. Misal, əgər zeytun yağının qiyməti artarsa, onun alıcılarının bir qismi əvəzedici olaraq digər növ yağları almağa başlayacaqlar. Yox əgər qiyməti azalarsa, digər yağ alıcıları zeytun yağını almağa başlayacaqlar.
- Gəlirlilik təsiri – məhsulun qiymətində olan dəyişiklik alım gücünə təsir edir. Misalçün, südün qiyməti azalarsa, alıcıların alım gücü artdığından daha çoxunu almağa həvəs yaranacaq. Yəni, bir litr almaq niyyəti ilə getmiş olsaq da, sırf qiyməti ucuzlaşıb deyə daha çoxunu alıb başqa şeylərdə də istifadə edə bilmək bizi həvəsləndirir. Bu da, tələb olunan miqdarı artırır.
- “Əlavə məmnuniyyətin azalması” qaydası: bu qayda göstərir ki, eyni məhsulu tükədən insanlar, axır-əvvəl o məhsula olan istəyi azalır. Misal, hərgün şokaladlı yulaflı peçenyəni 1 manata aldığınızı düşünün. Qaydaya əsasən, zamanla o məhsuldan aldığınız həzz azalır və yeni bir şey axtarırsınız. Bunun qarşısı alınması üçün də, o peçenyənin qiyməti azalmalıdır ki, davamlı alasınız. Əgər qiyməti artarsa, çox güman ki, əvəzedicilər axtarışına keçəcəksiniz.
Bütün bu təsirlər qiymətin (və tələb olunan miqdarın) dəyişməsindən yaranır. Əgər tələb olunan miqdardan başqa birşey dəyişərsə, bu zaman qiymət dəyişməz. Sadəcə, tələb olunan miqdar azalar və ya artar. (başda anlamaq qəlizdir, zamanla anlaşılır)
Misal, toyuq ətinin (file) kilosu 10 manatdır və Bakı üçün günlük 1000kq satılır. Əgər əhalinin aylıq gəliri artarsa, toyuğun qiyməti 10 manat olaraq qalsa da, artıq tələb miqdarı 1000 yox, 1200 ola bilər. Əksi olarsa, yəni gəliri azalarsa, tələb miqdarı 800kq’ya düşə bilər.
Bu şeylər 5 növdür:
- Zövqlər və üstünlüklər – təsəvvür edin, bir araşdırma göstərdi ki, səhərlər bal yemək insan zehnini çox inkişaf etdirir. Bu araşdırma əgər həqiqətən effektivdirsə, balın qiyməti artmasa da, ona olan tələb arta bilər. Və ya bir “alim” sosial mediada çıxıb desə ki, ət məhsulları çox yemək ziyandı, bu, ətə olan tələbi azalda bilər.
- Müştərilərin sayı – misal, bir rayonun əhalisi artarsa, bu orada olan məhsulların tələblərini artıra bilər. Əksi olarsa, yəni əhali azalarsa (necə ki, insanlar rayondan Bakıya köçür), məhsullara olan tələb azala bilər, amma qiyməti dəyişməz.
- Əlaqəli məhsulların qiyməti – bu iki hissəyə bölünür: əvəzedicilərin və tamamlayıcıların qiymətində dəyişiklik: Əvəzedici: təsəvvür edin, günəbaxan yağı ilə qarğıdalı yağı eyni qiymətədir. Əgər günəbaxan yağının qiyməti artarsa, bu qarğıdalı yağına olan tələbi artıra bilər, halbuki qarğıdalı yağının qiyməti dəyişmir. Və ya tam əksi. Tamamlayıcı: bu, məhsulun yanında adətən alınan tamamlayıcıdır. Misal, vanilin alan biri çox güman ki, kabartma tozu da alacaq, keks düzəltməyə. Əgər vanilin qiyməti dəyişərsə, bu, kabartma tozunun tələbini dəyişə bilər.
- Gəlirlilik – 2 növ məhsul var: normal məhsul, keyfiyyətsiz məhsul. Əgər insanların gəlirliliyi artarsa, normal məhsullara tələb arta, amma keyfiyyətsiz məhsullara tələb azala bilər. Əgər insanların gəlirliliyi azalarsa, tam əksi baş verə bilər. Misal, aylıq əmək haqqı artarsa, əhali avtobus ilə (keyfiyyətsiz məhsul (kimisə görə keyfiyyətli ola bilər, amma fikirlər fərqlidir)) səyahət etmək yerinə, taksi ilə (normal məhsul) edəcəklər. Bu misalı kənd təsərrüfatından əlaqəsiz verməkdə məqsədim, biraz geniş düşünməyimiz üçündür. Əgər əmək haqqı azalarsa, taksi ilə gedənlərin də bir qismi avtobus keçə bilər.
- Təxminlər – əgər alıcılar düşünsə ki, toyuq ətinin qiyməti gələn həftəyə daha baha olacaq, bu, onların toyuq ətinə olan tələbini artıracaq. Yox əgər düşünsələr ki, gələn həftə super endirim var, o zaman həmin həftə tələb azalacaq.
(Tastes/preferences, Number of Customers, Price of Related Goods, Income, Expectations)
Diqqət etməli olduğumuz şey, məhsulun tələb miqdarında olan və məhsulun tələbində olan dəyişiklikdir. Əgər tələb miqdarında dəyişiklik olarsa (3 təsir), bu zaman qiymətə də təsir edir. Yox əgər tələbində dəyişiklik olarsa (5 növ), o zaman bu qiymətə təsir etməyəcək.
Belə, bu qədər. Ümid edirəm yararlandıq.
Mənbə: https://www.youtube.com/watch?v=LwLh6ax0zTE&list=PLQvLVNCQS2_vqYeqr69mwaLrhfxbEm7Qm